Mükafatlar və Nailiyyətlər
Qürur dolu anlarımız
World Economic Forum (WEF) 2018-ci ildən etibarən Sənaye 4.0 sahəsində qlobal miqyasda ən qabaqcıl müəssisələri müəyyən edərək onları “Rəqəmsal Mayak” (Digital Lighthouse) statusu ilə təltif edir. 2026-cı ilin yanvar ayına olan məlumata əsasən, artıq 224 müəssisə bu nüfuzlu siyahıya daxil edilmişdir. Bu təşəbbüs qısa müddət ərzində sənayedə rəqəmsal transformasiya üzrə ən tanınmış və prestijli beynəlxalq mükafatlardan birinə çevrilmişdir. Rəqəmsal Mayak statusuna namizəd olmaq üçün müəssisələr yalnız texnoloji yeniliklər deyil, həm də əməliyyat modelləri, idarəetmə yanaşmaları və təşkilati imkanlar daxil olmaqla tammiqyaslı rəqəmsal transformasiya nümayiş etdirməlidir. Seçim prosesi WEF-in müstəqil ekspertlər paneli tərəfindən həyata keçirilir: bir günlük sahə turu təşkil olunur, müəssisənin fəaliyyəti yerində qiymətləndirilir və yekunda səsvermə yolu ilə qaliblər müəyyən edilir. 2026-cı ilin yanvar ayında Davos Forumu 2026 çərçivəsində mühüm bir uğur qeydə alındı. SOCAR-ın Karbamid zavodu Xəzər regionunda ilk və indiyədək yeganə müəssisə kimi Rəqəmsal Mayak mükafatına layiq görüldü. Bununla yanaşı, zavodda həyata keçirilən Digital Lighthouse layihəsi ayrıca olaraq “İlin Layihəsi” (Project of the Year) kimi tanınmışdır. Bu fakt müəssisədə icra olunan rəqəmsal transformasiya təşəbbüslərinin qlobal səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Bu nailiyyət SOCAR-ın Karbamid zavodunda tətbiq olunan innovativ yanaşmaların, yüksək texnoloji həllərin və effektiv idarəetmə modelinin beynəlxalq səviyyədə tanındığını göstərir və Azərbaycanın sənaye sektorunun qlobal rəqabət mühitində mövqeyini daha da gücləndirir.